BAKI, 8 yanvar. TELEQRAF
Los-Anceles Şəhər Yanğın Departamenti Palisades meşə yanğını ilə bağlı hazırlanmış ilkin hesabatın departament rəhbərliyini qorumaq məqsədilə bir neçə dəfə redaktə edildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə departamentin rəisi Jaime Moore Los-Anceles Yanğın Komissiyasının iclasında danışıb. Onun sözlərinə görə, yekun hesabatda istifadə olunan dil yumşaldılıb və rəhbərliyə yönələn açıq tənqidlər azaldılıb.
“Artıq aydındır ki, hesabatın bir neçə variantı redaktə olunaraq rəhbərliyə dair tənqidi ifadələr zəiflədilib. Bu dəyişikliklər mən rəis təyin olunmazdan əvvəl edilib və əmin edirəm ki, rəhbərliyim dövründə belə hallara yol verilməyəcək”, – deyə Moore bildirib.
Qeyd edək ki, yanğın 2025-ci ilin yanvarında baş verib və Kaliforniya tarixində üçüncü ən dağıdıcı yanğın kimi qiymətləndirilib. Yanğın nəticəsində təxminən 7 min tikili məhv olub, 12 nəfər həyatını itirib.
Məlumata görə, ötən ilin noyabrında anonim məktubla Los-Anceles meri Karen Bass və şəhər şurasının üzvlərinə müraciət edilərək hesabatın obyektiv olmadığı, çünki onun hazırlanmasına yanğın zamanı qərar qəbul etmiş eyni şəxslərin nəzarət etdiyi iddia olunub.
Departament rəhbəri, həmçinin Palisades yanğınına səbəb olan Lachman adlı daha kiçik yanğının söndürülməsi zamanı buraxılan nöqsanları da etiraf edib. Bildirilib ki, ərazi tam təhlükəsiz hesab edildiyi üçün yanğınsöndürənlər hadisə yerindən vaxtından əvvəl geri çağırılıb.
"Los Angeles Times" qəzetinin məlumatına əsasən, həmin ərazidə ağac kötüklərinin hələ isti olmasına baxmayaraq, yanğın söndürülmüş elan edilib. Güclü küləklər isə bir neçə gün sonra yanğının yenidən alovlanmasına səbəb olub.
Jaime Moore bildirib ki, baş verənlərdən sonra yanğından sonrakı nəzarət prosedurları dəyişdirilib və qalıq istiliyin aşkarlanması üçün dron texnologiyalarından istifadə rəsmi qaydada tətbiq olunub.