BAKI, 3 yanvar. TELEQRAF
Çin Xalq Respublikası 2025-ci ildə raketdaşıyıcıların buraxılışı üzrə 92 kosmik missiya reallaşdıraraq özünün əvvəlki rekordunu yeniləyib.
Teleqraf xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) ölkənin Milli Kosmik İdarəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, 2025-ci ildə Çin həm pilotlu kosmik uçuşlar, həm də uzaq kosmosun tədqiqi sahəsində yeni nailiyyətlər əldə edib, eyni zamanda orbital kommersiya layihələrinin həyata keçirilməsində ciddi irəliləyişə nail olub.
Daha əvvəl Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) bildirmişdi ki, 2025-ci ildə məhz bu qurumun səyləri ilə 73 kosmik buraxılış həyata keçirilib. Bu göstərici CASC üçün də rekord sayılır.
Pekin milli kosmik proqramını fəal şəkildə inkişaf etdirir, meteoroloji, telekommunikasiya və naviqasiya peykləri, eləcə də Ayın tədqiqinə yönəlmiş texnologiyalar hazırlayır.
Qeyd edək ki, 2024-cü ildə Çin 68 kosmik buraxılış həyata keçirmişdi.