ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının üzvlərini amerikalı maliyyəçi Ceffri Epşteynlə bağlı sənədlərin dərc olunması fonunda hədələyib.
Teleqraf xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, hazırkı Milad bayramı demokratlar üçün sonuncu ola bilər. Tramp bildirib ki, demokratlar bu mövzunu yenidən gündəmə gətirməklə bir çox insanın ciddi reputasiya zərərinə məruz qalmasına səbəb olacaqlar.
“İndi bu uğursuzlar yenidən iş başındadırlar. Bu dəfə isə onların bir çox dostları, əsasən də günahsız olanlar, ciddi reputasiya itkisi yaşayacaq. Amma təəssüf ki, demokratların korrupsiyalaşmış siyasət dünyası belədir. Zövq alın, bəlkə də bu, sizin son Miladınızdır”, - deyə Tramp paylaşımında bildirib.
ABŞ Prezidenti əlavə edib ki, Epşteyn qalmaqalı ilə bağlı demokratların mümkün əlaqələri üzə çıxanda onlar çox şeyi izah etməli olacaqlar. Tramp həmçinin onun Epşteynin cinayətlərində iştirak etməsi ilə bağlı iddiaların yalan olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi dekabrın 19-da Epşteyn işi ilə bağlı təxminən 100 min sənəd və fotoşəkil dərc edib, lakin materialların bir hissəsi ciddi şəkildə redaktə olunub.