BAKI, 25 dekabr. TELEQRAF

Rusiya ABŞ və Ukrayna tərəfindən hazırlanmış 20 maddədən ibarət sülh planını Ukrayna münaqişəsi üzrə gələcək danışıqlar üçün başlanğıc nöqtəsi kimi nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mövzu ilə tanış mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Moskva sözügedən planı müzakirələr üçün əsas baza kimi qiymətləndirsə də, sənəddə Rusiya üçün mühüm hesab olunan bir sıra müddəaların yer almadığını və bir çox suallara aydın cavab verilmədiyini düşünür.

Mənbənin sözlərinə görə, Rusiya üçün əsas narahatlıq doğuran məsələlər NATO-nun şərqə doğru genişlənməməsi ilə bağlı təminatlar və Ukraynanın Avropa İttifaqına üzv olması halında neytral statusunun necə müəyyən ediləcəyidir.

"Bloomberg" qeyd edir ki, sülh planında Ukrayna Silahlı Qüvvələrinin sayına və malik ola biləcəyi silah növlərinə dair hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Eyni zamanda, sənəddə Kiyevin Ukraynada rus dilinin statusu ilə bağlı öhdəlikləri də əksini tapmayıb.

Bundan əlavə, Rusiya sanksiyaların ləğvi və Qərb ölkələrində dondurulmuş yüz milyardlarla dollar dəyərində Rusiya dövlət aktivlərinin geri qaytarılması məsələsində də aydın mövqe görmək istəyir.