BAKI, 25 dekabr. TELEQRAF

ABŞ administrasiyası Venesuela sahilləri yaxınlığında dəniz blokadasını ən azı iki ay davam etdirmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi amerikalı rəsmi şəxsə istinadla məlumat yayıb.

Məlumata görə, Vaşinqton administrasiyası Venesuelaya qarşı siyasətində hərbi gücdən istifadə ehtimalını istisna etməsə də, əsas diqqəti sanksiyaların icrasının təmin edilməsi yolu ilə iqtisadi təzyiqə yönəldib. Bu müddətdə Vaşinqton ölkəyə və ölkədən neft tankerlərinin keçidinə maneələr yarada bilər. ABŞ rəsmisinin sözlərinə görə, məqsəd Ağ Evin istədiyi nəticəyə nail olmaqdır.

Qeyd olunur ki, Ağ Ev bölgədəki ABŞ qüvvələrinə növbəti ən azı iki ay ərzində Venesuela neftinin “karantinə alınmasına” demək olar ki, tam şəkildə fokuslanmaq göstərişi verib. Mənbənin bildirdiyinə görə, Vaşinqton yanvarın sonuna qədər Venesuelada iqtisadi təhlükə yaratmağı və bununla Karakası ABŞ qarşısında ciddi güzəştlərə getməyə məcbur etməyi hədəfləyir.