ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Ukraynadakı münaqişənin təxminən 90 gün ərzində başa çata biləcəyini ehtimal edib.

Teleqraf xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

“Əgər bu baş verərsə, yəni münaqişənin başa çatması mümkün olarsa, bu, növbəti 90 gün ərzində reallaşa bilər”, - deyə Uitaker bildirib.

ABŞ rəsmisi qeyd edib ki, qarşıdakı qış Ukrayna üçün xüsusilə çətin ola bilər. Onun sözlərinə görə, buna Rusiya Silahlı Qüvvələrinin Ukraynanın enerji infrastrukturu obyektlərinə endirdiyi zərbələr səbəb olur. Eyni zamanda, Uitaker vurğulayıb ki, Ukrayna tərəfi də öz növbəsində cavab zərbələrinin endirilməsi üçün lobbiçilik edir.

“Bütün bunlara son qoyulmalıdır”,- o əlavə edib.