BAKI, 25 dekabr. TELEQRAF

Suriya Daxili İşlər Nazirliyi Milad və Yeni il bayramları ərəfəsində terrorçular tərəfindən planlaşdırılan silahlı hücumların qarşısının alındığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə nazirlik "Telegram" kanalında paylaşım edib.

Nazirliyin məlumatına görə, daxili təhlükəsizlik qüvvələrinin xüsusi təyinatlıları tərəfindən keçirilən əməliyyat zamanı yeraltı terror şəbəkəsi olan “Saray əl-Cəvvad” ilə əlaqəli silahlı dəstələrdən biri zərərsizləşdirilib. Bildirilib ki, qruplaşma üzvləri Latakiya vilayətində Milad və Yeni il şənlikləri zamanı hücumlar həyata keçirməyi planlaşdırıblar.

Açıqlamada qeyd olunur ki, Suriya təhlükəsizlik qüvvələri terrorçuların gizləndiyi Düveyr-Baabda rayonunu mühasirəyə alıb. Silahlı şəxslərin təslim olmaqdan imtina etməsindən sonra onların sığındığı bina ələ keçirilib. Nəticədə üç terrorçu məhv edilib, biri isə saxlanılıb. Atışma zamanı dörd xüsusi təyinatlı hərbçi yaralanıb.