BAKI, 25 dekabr. TELEQRAF

Bakıda vətəndaşlara məxsus xırdabuynuzlu heyvanları oğurlamaqda təqsirli bilinən şəxs barəsində hökm oxunub.

Teleqraf xəbər verir ki, 1986-cı il təvəllüdlü Natiq Rəhimov Bakının Xəzər və Sabunçu rayonları ərazisində yerləşən təsərrüfat sahələrindən heyvan oğurluğu etdiyi üçün cinayət məsuliyyətinə cəlb edilib.

İstintaqla müəyyən edilib ki, Natiq Rəhimov Sabunçu rayonunun Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi ərazisində yerləşən evin həyətindəki tövləyə taxta qapını açaraq qanunsuz daxil olub və zərərçəkmişə məxsus dəyəri 1000 manat olan bir baş qoçu gizli şəkildə oğurlayıb. O, heyvanı satıb və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib.

Bundan əlavə, təqsirləndirilən şəxs Binə qəsəbəsi, Atçılıq yaşayış massivi ərazisində yerləşən hasarlanmış boş torpaq sahəsinə daxil olaraq təkrar oğurluq törədib. O, həmin ərazidən 15 baş qoyunu və 5 baş keçini gizli şəkildə talayıb. Oğurlanan heyvanların ümumi dəyəri 9250 manat təşkil edib.

Məhkəmə iclasında ifadə verən Natiq Rəhimov özünü təqsirli bilib. O bildirib ki, maddi vəziyyətinin ağır olması, həyat yoldaşının iflic xəstəsi olması səbəbindən bu əməlləri törədib. Təqsirləndirilən şəxs heyvanların bir qismini satdığını, bir baş keçini isə hissə-hissə doğrayaraq istifadə etdiyini etiraf edib və əməlindən peşman olduğunu deyib.

Zərərçəkmiş şəxslər Natiq Rəhimovun həbs edilməsini istəməsələr də, vurulmuş maddi ziyanın ödənilmədiyini əsas gətirərək ona cəza verilməsini xahiş ediblər.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Natiq Rəhimov Cinayət Məcəlləsinin **177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib. Ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclas zalında həbs olunub.