BAKI, 25 dekabr. TELEQRAF

Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür.

Teleqraf xəbər verir ki, 25 dekabr 2024-cü il tarixində dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış və “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190-100 IGW” tipli sərnişin hava gəmisi Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə müntəzəm J2-8243 reysini yerinə yetirərkən Qazaxıstan Respublikasının ərazisində, Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində ekipajın iki üzvü (kapitan və ikinci pilot), baş bələdçi və 35 sərnişin həlak olub.

Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş ilkin hesabatda aşağıdakı faktlar təsdiqlənib:

Dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış və “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190-100 IGW” tipli sərnişin təyyarəsi Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə müntəzəm J2-8243 reysini yerinə yetirərkən uçuşun başlanğıcından Qroznıya qədər marşrut hissəsində tam uçuşa yararlı vəziyyətdə olmuşdur. Hava gəmisinin uçuşa yararlılığına dair bu məlumatlar, o cümlədən idarəetmə sistemlərinin işi FDR məlumatları ilə təsdiqlənib;

Qəza anınadək təyyarənin hər iki mühərriki texniki problem olmadan işləyib. Bu məlumat da FDR məlumatları ilə təsdiqlənir;

Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş zamanı təyyarə GPS siqnallarını itirib;

Qroznı üzərində əlverişsiz hava şəraiti səbəbindən təyyarə ikinci dəfə eniş edə bilməyib, bundan sonra kapitan Bakıya qayıtmaq barədə qərar qəbul edib. Bu qərarın qəbulundan sonra Qroznı üzərində CVR-də 24 saniyə fasilə ilə iki xarici səs qeydə alınıb;

CVR və FDR məlumatlarının müqayisəsi göstərib ki, birinci xarici səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra isə 2-ci hidravlik sistem sıradan çıxıb;

Foto və video qeydlərlə təsdiqlənmiş, füzelyajda çoxsaylı zədələnmələr aşkar edilmişdir. Bu zədələnmələr füzelyajın arxa hissəsində, əsasən şaquli və üfüqi stabilizatorlarda, eləcə də sol qanadda və sol mühərrikdə müşahidə olunub;

Təqdim edilən məlumata görə, hava gəmisinin füzelyajında aşkar edilmiş zədələnmələr xarici obyektlərin təsiri nəticəsində yaranıb. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasını göstərən hər hansı fakt barədə məlumat yoxdur;

Füzelyajın zədələnmələrində aşkar edilmiş, hava gəmisinə aid olmayan yad obyektlər çıxarılıb, onların fotoşəkilləri ilkin hesabatın mətnində ictimaiyyətə təqdim edilib. Aşkar edilmiş yad obyektlərin mənsubiyyətinin dəqiq müəyyənləşdirilməsi üçün gələcəkdə əlavə ekspertizaların aparılması planlaşdırılır;

Saat 05:13:32-də hava gəmisində əsas idarəetmə sistemləri sıradan çıxıb, saat 05:21:42-də qarşılıqlı əlaqə üzrə dispetçer Qroznıya “Kover” əməliyyatının aparılması barədə məlumat verib;

Oksigen balonunun partlaması faktını əks etdirən heç bir məlumat göstərilməyib.

ICAO-nun Çikaqo Konvensiyasının tələblərinə uyğun olaraq, ilkin hesabatdan sonra hadisə tarixindən etibarən bir il ərzində qəzanın səbəbləri barədə yekun hesabat hazırlanmalıdır.

Həmçinin qeyd edək ki, 29 dekabr 2024-cü il tarixində Prezident İlham Əliyev aviasiya qəzasında həlak olmuş ekipaj üzvləri – Kşnyakin İqor İvanoviçə, Kalyaninov Aleksandr Georgiyeviçə, Əliyeva Hökumə Cəlil qızına Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması zamanı xidməti vəzifələrin icrası və sərnişinlərin həyatının xilas edilməsi zamanı göstərdikləri yüksək peşəkarlıq, cəsarət və fədakarlığa görə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsi barədə sərəncam imzalayıb.