BAKI, 25 dekabr. TELEQRAF
“Hacıqabul Quşçuluq” MMC-də təmir-montajçı vəzifəsində çalışan A. Əliyev işlədiyi müəssisədən oğurluq etməkdə ittiham olunaraq saxlanılıb.
Teleqraf xəbər verir ki, istintaqla müəyyən edilib ki, A. Əliyev çalışdığı şirkətdən bir neçə dəfə elektrik naqillərini oğurlayaraq satıb. Müəssisə əməkdaşları oğurluq faktlarını aşkar etdikdən sonra əraziyə nəzarət kameraları quraşdırıblar.
Bundan sonra təqsirləndirilən şəxs növbəti dəfə əraziyə gələrək quraşdırılmış nəzarət kameralarını da oğurlayıb. Lakin sonuncu oğurluq zamanı digər kameraların birinə düşdüyü üçün onun kimliyi müəyyən edilib və hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Məhkəmədə A. Əliyev beş uşaq atası olduğunu, törətdiyi əməldən peşmançılıq çəkdiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş edib.
Zərərçəkmiş tərəfin nümayəndəsi cinayət nəticəsində dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı maddi tələbi və şikayətinin olmadığını qeyd edib. Bununla belə, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında barışıq əldə olunmadığı bildirilib.
Hacıqabul Rayon Məhkəməsinin hökmü ilə A. Əliyev Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək üç il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.