BAKI, 1 fevral. TELEQRAF

Amerikalı iş adamı İlon Maskın "Neuralink" şirkəti əlilliyi olan insanların kompüter, smartfon və robotlaşdırılmış qurğuları düşüncə gücü ilə idarə etməsinə imkan verən "Telepathy" neyrointerfeysinin iki illik klinik sınaqlarının nəticələrini açıqlayıb.

Teleqraf xəbər verir ki, texnologiya beynin əl hərəkətlərinə cavabdeh sahələrindəki neyron aktivliyini oxuyaraq onu rəqəmsal komandaya çevirir. Məqsəd istifadəçilərin fiziki hərəkət olmadan ətraf mühitlə qarşılıqlı əlaqəsini və müstəqilliyini bərpa etməkdir.

Sınaqlarda 21 nəfər iştirak edir. Onlar əvvəlcə kursoru düşüncə ilə idarə etməyi öyrənib, daha sonra isə robotlaşdırılmış əllərdən istifadə ediblər. İştirakçılardan biri olan Nik dörd ildən sonra ilk dəfə robot əl vasitəsilə yemək yeyə bilib.

Neuralink bildirir ki, bəzi iştirakçılar məlumat ötürmə sürətinə görə sağlam insanların kompüter siçanı ilə əldə etdiyi göstəriciləri belə üstələyiblər.

İştirakçılardan biri uzun illərdən sonra ilk dəfə kompüterdə rəsm çəkə bilib və şəxsi sərgi açmağı planlaşdırır.

Şirkət həmçinin ALS (amiotrofik lateral skleroz) xəstələri üçün ünsiyyətin bərpası üzərində işləyir. "Telepathy" əsasında real vaxt rejimində danışığın bərpasını hədəfləyən "VOICE" adlı yeni tədqiqat proqramı başladılıb.

"Neuralink" vurğulayır ki, texnologiyanın inkişafında sınaq iştirakçılarının gündəlik həyatda əldə etdiyi real nəticələr əsas rol oynayır.