BAKI, 14 dekabr. TELEQRAF
"Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) öz strateji çərçivələrini yenidən gözdən keçirməli və Rusiya ilə mümkün qarşıdurmaya Atlantik uğrunda mübarizə və ya Avropada quru əməliyyatları ilə məhdudlaşmayan daha geniş miqyasda hazırlaşmalıdır".
Teleqraf xəbər verir ki, bu, NATO-nun Hərbi Kollecinin (NDC) son icmalında yer alır.
Hesabatın müəllifi, hərbi kollecin elmi əməkdaşı Endryu Monahan bildirib ki, Rusiyanın siyasətində vahid və güclü dəniz potensialının inkişafı əsas istiqamətlərdən biridir. Onun sözlərinə görə, bu yanaşma Moskvaya geoiqtisadi rəqabət dövründə özünü lider kimi təqdim etməyə imkan verir.
İcmalda qeyd olunur ki, bu amil NATO-nun diqqətini yenidən gündəmə gələn "Atlantika uğrunda mübarizə" ssenarisindən və ya Şimali-Şərqi Avropada quru əməliyyatlarından kənara çıxararaq, qlobal miqyaslı, çoxcəhətli və müxtəlif sahələri əhatə edən Rusiya çağırışına yönəldir.
Analitiklər həmçinin vurğulayırlar ki, alyans daxilində mümkün böhran ssenariləri çox vaxt Baltik dənizindən Kara dənizinə qədər uzanan vahid strateji xətt üzrə gərginliyin artmasına fokuslanır.