BAKI, 10 dekabr. TELEQRAF
Yaponiyanın Hokkaydo prefekturasının qubernatoru Naomiçi Sudzuki “Tomari” AES-in üçüncü reaktorunun yenidən işə salınmasına razılıq verib.
Teleqraf xəbər verir ki, bu, son bir ayda regional hakimiyyət tərəfindən təsdiqlənən ikinci belə layihədir.
Bundan əvvəl Niiqata prefekturasının rəhbərliyi dünyanın ən böyük atom elektrik stansiyası sayılan “Kasiadzaki-Kariva”da bir reaktorun işə salınmasına icazə vermişdi.
“Tomari” AES-in üçüncü enerji blokunun 2027-ci ildə işə düşəcəyi gözlənilir. Bunun üçün yanacaq daşınması məqsədilə yeni limanın və mühafizə üçün dambanın tikilməsi tələb olunur. Təhlükəsizlik tədbirlərinə yatırılan investisiyaların 630 milyard yendən (təxminən 4,03 milyard dollar) çox olduğu bildirilir.
2011-ci ildə “Fukuşima-1” faciəsindən sonra Yaponiyada bütün 54 reaktor dayandırılmışdı. Hazırda ölkə mərhələli şəkildə atom stansiyalarını yenidən işə salır. Bu günədək ölkədə 14 reaktor fəaliyyət göstərir və bu sayın tədricən artırılması planlaşdırılır.