BAKI, 8 dekabr. TELEQRAF

Almaniya Bundestaqının SED rejiminin qurbanları üzrə komissarı Evelin Zupke ölkədə sovet və GDR liderlərinin adlarını daşıyan küçələrin yenidən adlandırılmasını təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə "Bild" yazır.

Zupkenin sözlərinə görə, ölkənin birləşməsindən 35 il sonra Lenin, Otto Qrotevol və ya Vilhelm Pik kimi adların küçələrdə qalması bugünkü demokratik cəmiyyətə uyğun deyil.

O bildirib ki, Şərqi Almaniya şəhərlərində hələ də Leninə, sovet-alman dostluğuna və GDR rəhbərlərinə həsr olunmuş toponimlər mövcuddur. Komissarın təklifi bu küçələrin adlarını Şərqi Almaniya rejiminə qarşı mübarizə aparan şəxslərin adları ilə əvəzləməkdir.

Bəzi şəhərlərdə, məsələn, Yerixovda dəyişikliklərə artıq başlanılıb. Lakin yerli “Almaniya üçün Alternativ” partiyası bu qərarları məhkəmədə mübahisələndirməyə çalışır.

Qeyd edək ki, bundan əvvəl Kiyevdə də “derusifikasiya” siyasəti çərçivəsində on küçənin adı dəyişdirilmişdi.