BAKI, 8 dekabr. TELEQRAF

Yaponiya Müdafiə Nazirliyi Çin qırıcılarının Okinava yaxınlığında Yaponiyanın hərbi təyyarələrinə atəş-idarəetmə radarı yönəltdiyini bildirib. Tokio insidentləri təhlükəli və qəbuledilmə adlandıraraq Pekinə rəsmi etiraz notası göndərib.

Teleqraf xəbər verir ki, müdafiə naziri Şinciro Koizumi bəyan edib ki, radar işıqlandırmaları təhlükəsiz uçuş üçün tələb olunan sərhədləri aşır. Hadisə şənbə günü qeydə alınıb.

Koizumi bu açıqlamanı Tokioda Avstraliyanın müdafiə naziri Riçard Marles ilə görüşü zamanı verib: "Yaponiya regional sabitlik naminə Çin davranışlarına qətiyyətlə və soyuqqanlı şəkildə cavab verəcək.”

Çin Hərbi Dəniz Qüvvələrinin sözçüsü, polkovnik Van Syuemınq iddiaları rədd edib. O bildirib ki, Yaponiya təyyarələri Çin donanmasının elan olunmuş təlimini təxribat xarakterli yaxın uçuşlarla pozub:

“Yaponiyanın açıqlamaları həqiqətə uyğun deyil. Tokio dərhal böhtan kampaniyasına son qoymalıdır."

Hadisə Tokio və Pekin arasında son illərin ən ciddi hərbi qarşıdurmalarından biri sayılır. Son aylar iki ölkə arasında münasibətlər Tayvan məsələsinə görə gərginləşib. Yaponiya hökuməti açıq şəkildə bəyan edib ki, Tayvana qarşı hərbi əməliyyatlar Yaponiyanın təhlükəsizliyinə təsir edəcəyi halda Tokyo müdaxilə edə bilər.

Çin isə Tayvanı öz ərazisi hesab edir və adaya siyasi və hərbi təzyiqləri artırıb.