BAKI, 8 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bu il ilk dəfə olaraq "Kennedy Center Honors" mərasimini səhnədən özü aparıb. Ənənəyə görə prezidentlər tədbiri Opera zalındakı lojadan izləyirdilər.
Teleqraf xəbər verir ki, 48-ci "Kennedy Center Honors"un laureatları arasında Silvestr Stallone, Gloria Gaynor, George Strait, rok qrupu "Kiss" və aktyor Maykl Krouford yer alıb. Tramp mərasimdən əvvəl hazırlığa çox vaxt ayırmadığını, sadəcə özü olmaq istədiyini bildirib.
Tramp bu il mərkəzin rəhbərliyini dəyişərək idarə heyətini öz tərəfdarları ilə yeniləyib və dövlət tərəfindən mərkəzin yenidənqurulması üçün 250 milyon dollardan çox vəsaitin ayrılmasına nail olub.
Tədbir emosional anlarla yadda qalıb. “Kiss” qrupunun üzvü Cin Simmons bildirib ki, prezident onların mərhum gitaristi Eys Freylini xatırlatmaq üçün səhnədə boş yer ayrılmasına söz verib.
Stallone mükafatı almağı fırtınanın mərkəzində olmaq kimi təsvir edib: “Möhtəşəm bir hadisədir, insan bunu yalnız sabah tam dərk edir.”