BAKI, 4 dekabr. TELEQRAF
Venesuela Prezidenti Nikolas Maduro ABŞ administrasiyasından gələn təhdidlər fonunda ölkə ərazisinin tam şəkildə silahlı qüvvələrin nəzarətinə götürüldüyünü bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısının müraciəti Venesuela Silahlı Qüvvələrinin Strateji Operativ Komandanlığı tərəfindən yayılıb.
Maduro bildirib ki, son 22 həftə ərzində keçirilən genişmiqyaslı hərbi, polis və xalq təlimləri ölkənin müdafiə qabiliyyətini indiyədək görünməmiş səviyyəyə çatdırıb.
“Bu təlimlər torpağımızı, suverenliyimizi və ləyaqətimizi qorumağa, gələcək nəsillər üçün azad və suveren vətən təmin etməyə imkan verib”, - o deyib.
Prezident xatırladıb ki, son 5 ay ərzində ABŞ-dən gələn təhdidlər səbəbindən “Müstəqillik 200” adlı hərbi təlimlər davam edir və bu prosesdə könüllü dəstələr və polis bölmələri də iştirak edir. O, Vaşinqtonun Venesuelaya qarşı siyasətini kəskin tənqid edərək, “psixoloji terrorun ölkəni seçdiyi yoldan döndərə bilmədiyini” vurğulayıb.
Rəsmi Vaşinqton isə sübutsuz olaraq Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığına qarşı yetərsiz mübarizədə ittiham edir.