BAKI, 1 dekabr. TELEQRAF

Ukrayna tərəfi Prezident Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında görüşün keçirilməsində israr edir.

Teleqraf xəbər verir ki, bu barədə "RBK-Ukrayna" mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, Kiyev noyabrın 30-da Floridada keçirilən danışıqlarda Zelenski ilə Tramp arasında şəxsi təmasın vacibliyini vurğulayıb:

"Bu görüşün məqsədi sadəcə razılaşmanın təsdiqi deyil. Zelenskinin ABŞ Prezidenti ilə mütləq müzakirə etməli olduğu məsələlər var. Ümid edirik ki, bu mövqeyimiz nəzərə alınacaq".

O həmçinin qeyd edib ki, nümayəndə heyətləri arasında işgüzar görüşlər davam edir.

Xatırladaq ki, ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar noyabrın 30-da Floridada keçirilib. ABŞ tərəfdən danışıqlarda Dövlət katibi Marko Rubio, Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşner iştirak edib. Ukrayna nümayəndə heyətinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerov və xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa daxil olub.