BAKI, 30 noyabr. TELEQRAF

Venesuelanın İcraçı vitse-prezidenti və Karbonhidrogenlər naziri Delsi Rodrigez bildirib ki, Venesuela ABŞ-nin şantajına və təzyiqinə boyun əyməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə o, OPEC+ nazirlər görüşü çərçivəsində videoformatda keçirdiyi çıxışında məlumat verib.

Rodrigez Venesuela prezidenti Nikolas Maduronun OPEC baş katibi Heysam əl-Gays və bütün OPEC və OPEC+ üzvlərinə ünvanlanmış bəyanatını oxuyub. Bəyanatda ABŞ-nin Venesuela və xalqına qarşı hərbi güc tətbiq etməklə neft ehtiyatlarını ələ keçirməyə yönəlmiş qanunsuz hərəkətləri qəti şəkildə pislənir.

OPEC və OPEC+ ölkələrinə müraciətdə vurğulanır ki, Venesuela öz təbii və enerji resurslarını qətiyyətlə qoruyacaq və ABŞ-nin təzyiqinə boyun əyməyəcək. Bəyanatda həmçinin xarici təzyiqə qarşı fəal müqavimətin dəstəklənməsi çağırışı yer alıb.