BAKI, 29 noyabr. TELEQRAF

Yaponiyanın aparıcı aviaşirkətlərindən "All Nippon Airways" (ANA) "Airbus A320" tipli təyyarələrdə aşkar olunan texniki problemə görə 65 daxili reysi ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Məlumata görə, qərar ümumilikdə təxminən 9 500 sərnişinə təsir göstərib. Hazırda şirkətin 34 ədəd A320 təyyarəsi var və hər biri üzrə yoxlama prosesi təxminən 4 saat çəkəcək. Digər böyük aviaşirkət "Japan Airlines" isə bu modeldən istifadə etmir.

"Airbus" bundan əvvəl açıqlamışdı ki, A320 seriyasının uçuş idarəetmə sistemində günəş radiasiyasının kritik məlumatlara mənfi təsiri ilə bağlı problem aşkarlanıb.

Hazırda istehsalçı şirkət təyyarələr üçün təcili proqram təminatı yeniləməsi həyata keçirir.