BAKI, 22 noyabr. TELEQRAF
Venesuela Prezidenti Nikolas Maduro ölkəsinin və ABŞ-nin tələbə hərəkatlarını Latın Amerikası və Karib hövzəsində müharibənin qarşısını almaq üçün birgə səslə çıxış etməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, Miraflores prezident sarayı qarşısında tələbələrlə görüşdə bildirib.
“Venesuelada sülhü müdafiə edən tələbə briqadalarına tapşırıram ki, ABŞ-dəki tələbə hərəkatı ilə əlaqə yaratsınlar və onlara desinlər, müharibəni dayandırın, müharibəyə yox deyin, Venesuela sülh istəyir”, - deyə Maduro vurğulayıb.
Prezident tələbə birliklərinin birləşərək “Müharibəyə yox, sülhə hə!” şüarını vahid şəkildə səsləndirməsini təklif edib. Maduro bu çağırışı ingilis dilində də səsləndirib.
Dövlət başçısı tələbə briqadalarına ABŞ və digər ölkələrdəki tələbələrlə əlaqə şəbəkəsi yaratmağı tapşırıb. O bildirib ki, Venesuela Latın Amerikası və Karib bölgəsində hər min nəfərə düşən tələbə sayına görə birinci yerdədir. Noyabrın 21-də ölkədə Tələbə Günü qeyd olunub.
Mənbənin qeyd etdiyinə görə, Maduronun sülh çağırışı Vaşinqtonun Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığı ilə mübarizədə yetərincə fəal olmamaqda ittiham etməsi fonunda yaranan gərginliklə bağlıdır.