BAKI, 3 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Venesuelaya hücum planlarını təsdiqləməkdən və ya təkzib etməkdən imtina etsə də, ABŞ-nin bu ölkə ilə müharibəyə doğru getdiyinə şübhə ilə yanaşdığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, "CBS News" telekanalına verdiyi müsahibədə danışıb.

Jurnalistin Karib dənizinə göndərilən “Gerald R. Ford” avianosunun fonunda ABŞ-nin Venesuelaya qarşı müharibəyə doğru gedib-getməməsi ilə bağlı sualına Tramp belə cavab verib: “Mən buna şübhə edirəm. Belə düşünmürəm”.

Venesuelaya mümkün zərbələrin varlığı barədə dəfələrlə yayılan məlumatlar barədə soruşulduqda prezident jurnalistə cavab verməkdən yayınıb.

“Bunu təsdiqləmirəm və ya inkar etmirəm. Jurnalistlə belə planları müzakirə etmirəm”, - o deyib.

Vaşinqton isə bir müddətdir Kiarakası narkokartellərə qarşı kifayət qədər fəal mübarizə aparmamaqda ittiham edir.