BAKI, 21 oktyabr. TELEQRAF
Avropa İttifaqının (Aİ) İsrailə qarşı sanksiya tətbiq edib-etməyəcəyi məsələsi hələlik açıq olaraq qalır.
Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Lüksemburqda keçirilən Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, Qəzzada real və davamlı dəyişikliklər baş verməyincə sanksiyalardan imtina məsələsi gündəmdən çıxmayacaq.
“Atəşkəs vəziyyəti dəyişib, bu, hamıya aydındır. Lakin yerində real və davamlı dəyişikliklər, o cümlədən Qəzzaya humanitar yardımın həcminin artması müşahidə olunmasa, sanksiya təhdidi qüvvədə qalacaq”, – deyə Kallas vurğulayıb.
O əlavə edib ki, Aİ-nin sanksiyalardan imtina etməsi üçün digər şərtlər sırasına jurnalistlərin və humanitar təşkilatların Qəzzaya sərbəst girişinin təmin edilməsi, eləcə də qeyri-hökumət təşkilatlarının qeydiyyatına məhdudiyyətlərin aradan qaldırılması daxildir.