BAKI, 17 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında dolayı danışıqların təşkili mümkünlüyünü açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.
“Putin və Zelenski bir-biri ilə o qədər də yaxşı yola getmirlər. Ona görə də elə bir format yarada bilərik ki, tərəflər ayrı-ayrılıqda, amma bərabər səviyyədə təmsil olunsunlar. Biz görüşərik və tərəflər bu yolla ünsiyyət qura bilərlər”, – Tramp bildirib.
Xatırladaq ki, Rusiya və Ukrayna may ayından bəri üç raund birbaşa danışıqlar aparıblar. Hazırda isə danışıqlar prosesi fasilədədir.