BAKI, 2 sentyabr. TELEQRAF

Amerika Birləşmiş Ştatlarında (ABŞ) məhkəmə Prezident Donald Tramp və Pentaqon rəhbərinin asayişi təmin etmək üçün Los-Ancelesdə hərbçilərdən istifadə etmək qərarını qanunsuz hesab edib.

Teleqraf xəbər verir ki, bu barədə qərarı dairə hakimi Çarlz Breyer çıxarıb.

Breyer qeyd edib ki, ABŞ-də daxili qanunların icrasını dəstəkləmək üçün milli silahlı qüvvələrdən istifadəni qadağan edən qanun mövcuddur.

"Prezident Tramp, nazir Heqset və Pentaqon Milli Qvardiyanı və dəniz piyadalarını Los-Ancelesə, formal olaraq qiyamı yatırmaq və immiqrasiya qanunvericiliyinin icrasını təmin etmək üçün göndərdilər. Lakin heç bir qiyam olmayıb", - hakim bildirib.

O, bununla, federal qanunun pozulduğunu əlavə edib.

İnstansiya hökuməti Kaliforniya Milli Qvardiyası üzərində nəzarəti qubernator Qevin Nyusoma qaytarmağa məcbur edib.