BAKI, 3 iyul. TELEQRAF

Ukraynanın Jitomir vilayətində baş verən partlayış nəticəsində xəsarət alaınların sayı 24 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Jitomir vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Buneçko məlumat verib.

Onun sözlərinə görə, yaralılar arasında dörd uşaq da var.

Buneçko partlayışın yanacaqdoldurma məntəqəsində deyil, sənaye müəssisəsində baş verdiyini təsdiqləyib: “Hazırda iki nəfərin öldüyü məlumdur. Bir nəfərin cəsədi tapılıb. Xilasedicilər hələ də digərini axtarır. Zərərçəkənlərin çoxu evdə olub. 25-ə yaxın ev tamamilə dağılıb”.

***

22:25

Ukraynanın şimal-qərbindəki Jitomir vilayətində baş verən iki partlayış nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Jitomir vilayəti administrasiyasının rəhbəri Vitali Buneçko məlumat verib.

Buneçko bildirib: "Jitomir yaxınlığındakı Berezina kəndində M-06 beynəlxalq magistral yolunda iki partlayış baş verib. Təəssüf ki, iki nəfərin öldüyü və 15 nəfərin yaralanması ilə bağlı məlumatı təsdiqləyə bilərik".

Məlumata görə, partlayışdan sonra Kiyevə gedən avtomobil yolu tamamilə bağlanıb. Partlayışın sənaye müəssisəsinin anbarında baş verdiyi iddia olunur.