BAKI, 29 iyun. TELEQRAF

ABŞ kimyəvi silahlardan istifadəyə görə Sudana sanksiya tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə “TRT Global Afrika English” məlumat yayıb.

Məlumata görə, məhdudiyyətlər ən azı bir il qüvvədə qalacaq.

Sudan ordusunun Çevik Dəstək Qüvvələri (RSF) yarımhərbi qruplaşması ilə döyüşərkən ölkənin ucqar ərazilərində ən azı iki dəfə şübhəli xlor qazından istifadə etdiyi bildirilir.

Bu qaz son dərəcə təhlükəlidir: tənəffüs yollarını ciddi şəkildə zədələyə və hətta ölümlə nəticələnə bilər.

Yeni sanksiyalara silah satışına qadağa, ABŞ-dən Sudana müəyyən ixracat və maliyyə məhdudiyyətləri daxildir.

Sanksiyalar humanitar yardım, ərzaq və kənd təsərrüfatı məhsullarına şamil edilmir.

Sudan hökuməti isə ABŞ-nin ittihamlarını qəbul etmir.