BAKI, 27 iyun. TELEQRAF
İrana qarşı sanksiyaların yumşaldılması işi dayandırılıb.
Teleqraf xəbər verir ki, buna İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin bəyanatları səbəb olub.
“Sanksiyaların mümkün ləğvi və İrana tam, sürətli, qəti bərpa üçün daha yaxşı şanslar verəcək digər məsələlər üzərində işləyirdim. Lakin mən sanksiyaların yumşaldılması üzrə bütün işləri dərhal dayandırıram", - ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkə hesabında yazıb.
Trampın sözlərinə görə, niyyətlərini yenidən nəzərdən keçirməyə onu İranın Ali Rəhbərinin İsrail və ABŞ üzərində qələbə elan etməsi barədə açıqlamaları məcbur edib.
"İmanı güclü olan bir insan kimi, o, yalan danışmamalıdır" - deyə, ABŞ lideri bildirib. O, hücumlar nəticəsində İranın üç nüvə obyektinin məhv edildiyini bir daha xatırladıb.
Ağ Ev rəhbəri müharibə zamanı Xameneinin harada gizləndiyini dəqiq bildiyini, lakin İsrailə və ya ABŞ ordusuna onu öldürməyə icazə vermədiyini iddia edib.
Tramp göstərdiyi mərhəmətə görə minnətdarlıq gözlədiyini, lakin cavabında "qəzəb, nifrət və ikrahla" dolu bəyanatlar aldığını qeyd edib.
"Baxın bu onlara nə qazandırıb: yanıb kül olmuş, gələcəyi olmayan bir ölkə, məhv edilmiş ordu, dəhşətli iqtisadiyyat və hər tərəfdə ölüm", - Tramp yazıb.
“Onların heç bir ümidi yoxdur və vəziyyət yalnız daha da pisləşəcək! Kaş İranın rəhbərliyi anlayardı ki, sirkə ilə əldə etdiyinizdən daha çoxunu bal ilə əldə etmək olar” - o əlavə edib.