BAKI, 23 may. TELEQRAF
Moldova Mədəniyyət Nazirliyi 1998-ci ildə Rusiya ilə imzalanmış və Kişineuda Rusiya Mədəniyyət Mərkəzinin (Rus evi) fəaliyyətinə hüquqi əsas verən sazişin ləğvini nəzərdə tutan qərar layihəsini parlamentə təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə Moldova parlamentinin Mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Moldova ilə Rusiya arasında mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında sazişin ləğvi təklif olunur. Parlamentin Xarici Siyasət və Avropa İnteqrasiyası Komissiyası bu addımı dəstəkləyən rəy verib.
Nazirlik bu qərarı hazırkı geosiyasi vəziyyətlə əsaslandırır. Bildirilir ki, Rusiya bu mərkəzdən təhrif olunmuş məlumatlar yaymaq üçün istifadə edir.
Qeyd edək ki, hazırda Kişineudaki "Rus evi"ndə cəmi bir əməkdaş fəaliyyət göstərir.
Xatırladaq ki, 2025-ci ilin fevralında Moldova Xarici İşlər Nazirliyi Rusiya ilə mədəniyyət mərkəzlərinin fəaliyyəti üzrə sazişdən çıxdığını elan etmişdi. Nazirlik buna səbəb kimi Moldovanın ərazisinə Rusiya ilə əlaqəli pilotsuz uçuş aparatlarının (PUA) düşməsini göstərmişdi.