BAKI, 30 aprel. TELEQRAF
Rusiya tərəfindən İkinci Dünya müharibəsində qələbənin 80 illiyi münasibətilə elan edilən atəşkəs Ukrayna ilə sülh yolunda mühüm bir fürsət ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Ümid edirik ki, bu müvəqqəti atəşkəs genişlənəcək və daimi sülh üçün qapı açacaq. Biz əvvəldən deyirik ki, Rusiya-Ukrayna müharibəsi yalnız ədalətli və dayanıqlı sülh yolu ilə başa çata bilər. Bu ümidimizi heç vaxt itirməmişik”, – prezident vurğulayıb.
Türkiyə lideri qeyd edib ki, müharibə boyunca qarşıdurmalar kəskinləşsə də, Ankara tərəfləri masa arxasına gətirmək və sülh danışıqları təşkil etmək üçün dəfələrlə təşəbbüslə çıxış edib:
“Rusiya və Ukrayna səmimi şəkildə sülh istəyərək bu müharibəyə son qoymalıdır. Əks halda, bu prosesi pozmaq istəyənlərə fürsət veriləcək. Bu, təkcə hər iki ölkə üçün deyil, həm də qlobal təhlükəsizlik üçün olduqca vacibdir”.
Ərdoğan əlavə edib ki, bu müharibə ən çox Rusiya və Ukraynaya zərər vurub, amma ədalətli sülhdən heç kim uduzmaz.
Xatırladaq ki, İkinci Dünya müharibəsində qələbənin 80 illiyi münasibəti ilə müvəqqəti atəşkəs təklifi Rusiya Prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb.