BAKI, 23 aprel. TELEQRAF

ABŞ Dövlət katibi Marko Rubio Ukrayna Prezidenti Volodimir Zelenskinin Krımla bağlı açıqlamalarından sonra Londonda Ukrayna ilə bağlı keçiriləcək görüşdə iştirakdan imtima edib.

Teleqraf xəbər verir, bu barədə "New York Times" məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ-nin böhranın həlli üçün əsas təkliflərindən biri Ukrayna hakimiyyəti tərəfindən Krımın Rusiya ərazisi kimi tanınmasıdır. Lakin Zelenski aprelin 22-də jurnalistlərlə görüşündə bu variantdan imtina etdiyini bəyan edib. Zelenskinin bu sözlərindən sonra dövlət katibi Londona səfərini ləğv edib.

Britaniyanın “The Daily Telegraph” qəzetinin məlumatına görə, Londonda keçiriləcək görüşdə ABŞ yeddi bənddən ibarət nizamlanma planını təqdim edəcək. Nəşrin adı açıqlanmayan mənbəyə istinadən verdiyi məlumata görə, Vaşinqton dərhal atəşkəs, Ukrayna və Rusiya arasında birbaşa danışıqlar, Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsi, Rusiyanın Krım üzərində suverenliyinin və 2022-ci ildən bəri işğal etdiyi ərazilərdə hüququnun de-fakto ABŞ tərəfindən tanınmasını təklif edəcək.