BAKI, 10 aprel. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və ABŞ nümayəndə heyətləri ilə görüşü nəzərdə tutulmur.

Teleqraf xəbər verir ki, bu barədə TASS Türkiyə prezident administrasiyasının jurnalistlərə təqdim etdiyi rəsmi qrafikə əsasən məlumat yayıb.

Məlumata görə, Ərdoğan aprelin 10-da Ankarada olacaq və İndoneziya Prezidenti Prabovo Subiantonun səfəri çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək. Onun gün ərzində başqa heç bir görüşü planlaşdırılmayıb.

Diplomatik mənbə TASS agentliyinə bildirib ki, İstanbulda aparılan danışıqlarda iştirak edən Rusiya və ABŞ nümayəndə heyətləri əvvəlcədən razılaşdırılmış format çərçivəsində yalnız aktual ikitərəfli məsələlərin müzakirəsinə fokuslanmağı planlaşdırıblar.

Qeyd edək ki, Rusiya və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələrin ikinci raundu İstanbulda Moskva vaxtı ilə saat 10-da başlayıb. Görüş Rusiya Baş Konsulluğunun binasında keçirilir.

Rusiya tərəfinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, ABŞ tərəfinə isə Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koelter rəhbərlik edir.

İlk məsləhətləşmə isə fevralın 27-də İstanbulda ABŞ Baş Konsulunun iqamətgahında keçirilib və altı saatdan çox davam edib.

Görüşdən sonra Rusiya Xarici İşlər Nazirliyindən müzakirələrin məzmunlu və işgüzar atmosferdə keçdiyi, dialoqun davam etdirilməsi barədə razılıq əldə olunduğu bildirilib.