
BAKI, 22 mart. TELEQRAF
Polşanın sabiq müdafiə naziri dövlət sirrini yaymaqda ittiham olunur.
Teleqraf xəbər verir ki, bu barədə Varşava prokurorluğu məlumat yayıb.
Prokurorluqdan bildirilib ki, Polşanın 2018-2023-cü illərdə müdafiə naziri olmuş Marius Blaşçak ölkənin müdafiə planına dair bəzi məxfi sənədləri ictimaiyyətə açıqlamaqla dövlətə son dərəcə ciddi ziyan vurub
İttiham aktında qeyd olunur ki, Blaşçak 28 iyul 2023-cü ildən 17 sentyabr 2023-cü ilədək müdafiə naziri vəzifəsində çalışdığı dövrdə, məxfi sənədlərin qorunmasına məsul olduğu halda, səlahiyyətlərindən sui-istifadə edib.
O, bir sıra məxfi sənədlərin müəyyən hissələrini 17 sentyabr 2023-cü ildə ictimaiyyətə açıqlayıb və media platformalarında, o cümlədən "Hüquq və Ədalət" partiyasının rəsmi “X” platformasında yayıb.
Prokurorluğun fikrincə, bu addım Polşanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq mövqeyinə və NATO daxilindəki həmrəyliyinə ciddi təhlükə yaradıb.