
BAKI, 21 mart. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrovu ən yüksək dövlət mükafatı hesab olunan Müqəddəs Apostol Endryu ordeni ilə təltif edib.
Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə müvafiq fərman imzalayıb.
Bildirilib ki, XİN rəhbəri vətən qarşısında müstəsna xidmətlərinə, Rusiya Federasiyasının xarici siyasətinin inkişafı və həyata keçirilməsinə böyük töhfəyə və uzun illər səmərəli dövlət fəaliyyətinə görə bu ordenlə təltif olunub.
Sözügedən orden Rusiyanın ən yüksək dövlət mükafatıdır. O, Rusiyanın çiçəklənməsinə, əzəmətinə və şöhrətinə töhfə verən görkəmli dövlət və ictimai xadimlərə, hərbi rəhbərlərə, elm, mədəniyyət, incəsənət və iqtisadiyyatın müxtəlif sahələrinin görkəmli nümayəndələrinə, o cümlədən Rusiya qarşısında müstəsna xidmətləri olan xarici dövlətlərin başçılarına da verilə bilər.
Qeyd edək ki, bu gün 75 yaşı tamam olan Sergey Lavrov 1972-ci ildən XİN sistemində işləyir.
O,1992-1994-cü illərdə xarici işlər nazirinin müavini, 1994-2004-cü illərdə isə Rusiyanın BMT-dəki daimi nümayəndəsi olub.
Lavrov təxminən 22 ildir ki, Rusiyanın xarici işlər naziri vəzifəsini icra edir.