BAKI, 20 mart. TELEQRAF

"CHP mediası və müxalifəti həm diplom, həm korrupsiya, həm də oğurluq məsələsində məhkəmənin irəli sürdüyü iddialara cavab verə bilmir. Xalqı aldatmağın asan yoluna əl atırlar".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP Konqres Mərkəzində keçmiş millət vəkilləri ilə iftar proqramında çıxışı zamanı deyib.

"Bu diplom prosedura uyğun alınıb deyirlərsə, eyni şəkildə, bələdiyyədə haqsızlıq, korrupsiya yoxdur deyirlərsə, bunu müzakirə etmək olar. Amma bunları etmirlər, edə bilmirlər. Çünki bunların real olduğunu yaxşı bilirlər" - Ərdoğan bildirib.

Ərdoğan çıxışı zamanı ölkədəki bəzi məsələlərin şişirdildiyini vurğulayıb.

"Türkiyə dünyanın bəlkə də ən aktiv ölkəsidir, ölkəmiz hər gün yeni gündəm olur. Bu gündəmlərin bəziləri süni şəkildə şişirdilmiş mövzulardan ibarətdir. Müxalifətin öz daxili çəkişmələrini və ya qanunla bağlı problemlərini ölkənin ən vacib məsələsi kimi qələmə vermək cəhdi ikiüzlülüyün zirvəsidir. İstər diplom məsələsində, istərsə də korrupsiya və oğurluqla bağlı məhkəmə orqanlarının irəli sürdüyü iddialara CHP mediası və müxalifət cavab verə bilmir. Bizim müxalifətin şoularına sərf etməyə vaxtımız yoxdur. Biz sadəcə işimizə fikir veririk və məqsədlərimizə diqqət yetiririk" - Ərdoğan çıxışında deyib.