BAKI,19 fevral. TELEQRAF

Fevralın 18-də Səudiyyə Ərəbistanında keçirilən yüksək səviyyəli görüşdə ABŞ və Rusiya nümayəndələri, Ukrayna müharibəsinin sona çatdırılması və iki ölkə arasında diplomatik əlaqələrin bərpası məqsədilə ilk dəfə rəsmi müzakirələr aparıblar.

Teleqraf xəbər verir ki, ABŞ tərəfindən Dövlət katibi Marko Rubio, Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və milli təhlükəsizlik müşaviri Mayk Uolts, Rusiya tərəfindən isə xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakovun iştirak etdiyi görüş təxminən 5 saat davam edib.

Tərəflər danışıqlar zamanı Ukrayna müharibəsinin sona çatdırılması və ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində əməkdaşlıq etməyə razılaşıblar.

ABŞ Dövlət katibi Marko Rubio bütün dünyanın diqqətinin yönəldiyi görüşdən sonra verdiyi açıqlamada Rusiyanın müharibənin bitirilməsi üçün ciddi bir prosesə başlamağa hazır olduğunu bildirib. Lakin Rubio, müharibənin həlli üçün yalnız bir görüşün kifayət etməyəcəyini və Ukrayna ilə Avropanın da bu prosesə daxil olmasının vacib olduğunu vurğulayıb.

Milli Təhlükəsizlik Müşaviri Mayk Uolts, müharibənin yalnız müvəqqəti deyil, daimi şəkildə sona çatdırılmasını müdafiə edib və ABŞ-nin Ukraynaya göstərdiyi maliyyə dəstəyinin qarşılığında "bir növ ödəniş" gözlədiklərini qeyd edib. O, həmçinin Ukraynanın gələcək təhlükəsizlik zəmanətləri məsələsində Avropanın daha çox məsuliyyət daşımalı olduğunu, neft və qaz da daxil olmaqla, Ukraynanın təbii sərvətlərinin bölüşdürülməsi baxımından ABŞ ilə rəsmi Kiyevin əməkdaşlıq etməli olduğunu diqqətə çatdırıb.

Stiv Uitkoff da öz növbəsində Donald Trampın etibarlı nümayəndəsi olaraq Rusiya ilə danışıqlarda mühüm rol oynamağa davam edir. Adıçəkilən şəxs ABŞ məhbusu Mark Fogelin dəyişdirilməsi üzrə Rusiya ilə aparılan danışıqlarda da olub.

Ər-Riyadda baş tutan görüş ABŞ və Rusiya arasındakı diplomatik münasibətlərin bərpası istiqamətində atılan mühüm bir addım kimi qiymətləndirilir.

Hətta rəsmi Vaşinqton və Moskva iki ölkənin diplomatik missiyalarının fəaliyyətinin bərpa olunması ilə bağlı demək olar ki, razılığa gəlib.

Həmçinin iki ölkə arasında iqtisadi və geosiyasi əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanların araşdırılacağı qeyd edilib.

Ancaq Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması üçün daha geniş bir beynəlxalq əməkdaşlıq və davamlı danışıqların aparılması tələb olunur.