
BAKI, 14 fevral. TELEQRAF
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsinin ikinci mərhələsinin detallarını müzakirə etmək üçün danışıqların mümkün qədər tez başlanılmasının vacibliyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə hərəkatın Siyasi Büro rəhbərliyinin mətbuat katibi Taher Nunu bildirib.
"Danışıqların razılaşmanın 16-cı günündə başlayacağı güman edilirdi, lakin bu baş vermədi. İşğalçı İsrail danışıqlar görüntüsü yaratmağa çalışdı. Reallıqda danışıqlar getmir", - o, mətbuata açıqlamasında deyib.
Xatırladaq ki, yanvarın ortalarında İsrail və HƏMAS Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə Qəzzada yanvarın 19-da qüvvəyə minən atəşkəs rejiminin tətbiqi barədə razılığa gəliblər. Razılaşmanın birinci mərhələsinin icrası 42 gün davam edəcək və bu müddət ərzində HƏMAS İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların azadlığa buraxılması qarşılığında 33 girovu İsrailə təhvil verməli idi.