
BAKI, 10 fevral. TELEQRAF
Ötən ilin aprelində dərc edilmiş Rusiya hökumətinin hesabatı Moskvanın Ukraynaya qarşı müharibəsinin bəzi yaxın müttəfiqləri ilə əlaqələri necə korladığını göstərir. Rusiya keçmiş sovet ölkələrinə nəzarəti itirməkdən qorxur.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” (FT) yazır.
Britaniya nəşri bildirir ki, Qərbin sanksiya təzyiqi Kreml və yaxın ticarət tərəfdaşları arasında problem yarada bilib. Məqalədə qeyd olunur ki, Moskvanın ambisiyası Rusiyanın ABŞ, Avropa İttifaqı (Aİ) və Çinlə rəqabət aparmaq üçün qlobal ticarətə çıxışını bərpa etməkdir.
Britaniya analitiklərinin fikrincə, Rusiya Ukraynanın gələcəyi ilə bağlı Qərblə istənilən danışıqlarda tab gətirə biləcək mühüm uzunmüddətli layihə kimi böyük bir blok yaratmağı və onun qlobal meydanda mövqeyini möhkəmləndirməyi hədəfləyib: “Yeni blok Rusiyanı qlobal cənubla birləşdirməli, bütün istiqamətlərdə xammala çıxış imkanı verməli, maliyyə və nəqliyyat əlaqələrini inkişaf etdirməlidir”.
Nəşr hesab edir ki, Rusiya yeni dünya nizamında öz qaydaları ilə yer tutmaq istəyir.
Həmçinin Rusiya hökumətinin hesabatında Qərb ölkələrinin Mərkəzi Asiya ölkələrini təhdid etdiyi və onları Moskvaya qarşı sanksiyalara əməl etməyə məcbur etdiyi bildirilir. Bu arada, Kremlin müttəfiqləri sanksiyalardan yararlanaraq, öz ərazilərində rus bizneslərini sıxışdırırlar.
Hesabatda etiraf edilir ki, Rusiya Mərkəzi Asiya ölkələrini öz orbitində saxlamaq üçün uzunmüddətli mübarizə aparmalıdır. Sənəddə, həmçinin vurğulanır ki, Rusiyanın Ukraynaya qarşı müharibədə qələbəsi Qərbin sanksiya təzyiqlərinə son qoymaq üçün kifayət etməyəcək.
“Rusiya ilə sıx münasibətlər çətinliklər mənbəyi olacaq. Ölkələr Rusiya ilə bağlı öz mövqelərinə qərar verməli olacaqlar”, - nəşr yazır.
FT əlavə edir ki, regionun ən böyük iqtisadiyyatına malik ölkəsi olan Qazaxıstan Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyib, Ukrayna ərazilərinin ilhaqını tanımaqdan imtina edib və Qərbin sanksiyalarına qoşulmuşdur. Ancaq Qırğızıstan Rusiya üçün Qərb sanksiyalarından yayınma vasitəsinə çevrilib.