BAKI, 16 oktyabr. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiyanın neft emalı zavodlarına zərbələr endirilməməsi ilə bağlı müraciət ediblər.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumatlı mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, son aylarda Tramp administrasiyasının Ukrayna üzrə əsas danışıqlar aparan nümayəndələri, eləcə də vitse-prezident Cey Di Vens Zelenskidən Rusiyanın neft emalı müəssisələrinə hücumların dayandırılmasını istəyiblər.
Bundan əvvəl “The Wall Street Journal” qəzeti də mənbələrinə istinadən Vaşinqtonun Kiyevə analoji müraciətlər etdiyini bildirmişdi.
Qəzetin yazdığına görə, sentyabrda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Tramp və Zelenski arasında keçirilən görüşdən sonra ABŞ Ukraynaya altı dəfə müraciət edərək Rusiyanın enerji obyektlərinə hücumların dayandırılmasını istəyib.
Məlumatlarda Ukrayna tərəfinin bu müraciətlərə necə cavab verdiyi açıqlanmayıb.