BAKI, 15 oktyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Rusiyadakı neft emalı zavodlarına, logistika və enerji obyektlərinə endirdiyi zərbələrə cavab veriləcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, Putin bu barədə “İşgüzar Rusiya” təşkilatının forumunda çıxışı zamanı danışıb.
Rusiya lideri bildirib ki, Kiyev onlayn ticarət platformalarına (marketpleyslərə) və digər obyektlərə hücumlara başlamazdan əvvəl bunun nəticələrini düşünməli idi.
“Onlar başladılar, biz isə cavab verməyə başladıq. Ümumiyyətlə, buna başlamaq lazım deyildi”, – deyə Putin vurğulayıb.
Rusiya Prezidenti Ukrayna Silahlı Qüvvələrinin son dövrlərdə Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələrə də münasibət bildirib.
Onun sözlərinə görə, həmin hücumlar Rusiya neft emalı sənayesinə ciddi ziyan vurmayıb.
Putin Moskvanın enerji və logistika infrastrukturlarına qarşı hücumlara cavab tədbirlərini davam etdirəcəyini qeyd edib.