BAKI, 16 oktyabr. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri Qara dənizdə Rusiya gəmilərinə hücumlar zamanı Böyük Britaniya istehsalı olan pilotsuz katerlərdən istifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, söhbət Böyük Britaniyanın Hempşir qraflığında yerləşən “Kraken Technology” şirkətinin istehsal etdiyi yüksək sürətli “K3 Scout” pilotsuz katerlərindən gedir.

Bildirilir ki, hər birinin dəyəri təxminən 250 min funt sterlinq olan katerlər hədəflərinə çatmaq üçün yüzlərlə kilometr məsafə qət edib.

Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq oktyabrın 15-də Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxışı zamanı Ukraynanın Rusiya gəmilərinə qarşı pilotsuz katerlərdən istifadə etdiyini təsdiqləyib.

Nazir həmin katerlərin hər birinin təxminən 250 min dollara başa gəldiyini bildirib.

Qeyd edək ki, avqust ayında Rusiyanın Londondakı səfirliyi Böyük Britaniyanın Ukraynanın Rusiyaya qarşı hərəkətlərinə verdiyi dəstəyə görə məsuliyyət daşımalı olacağı barədə xəbərdarlıq etmişdi.