BAKI, 16 oktyabr. TELEQRAF
Türkiyədən Rusiyanın paytaxtı Moskvaya uçan altı sərnişin təyyarəsi Vnukovo hava limanında tətbiq edilən təhlükəsizlik məhdudiyyətləri səbəbindən geri qayıtmağa məcbur olub.
Teleqraf xəbər verir ki, bu barədə TASS agentliyinə aviadispetçer xidmətlərindəki mənbə məlumat verib.
Bildirilib ki, Antalya, İstanbul və Bodrum şəhərlərindən Moskvanın Vnukovo hava limanına istiqamətlənən altı təyyarə Polşa və Belarus üzərində uçuş istiqamətini dəyişərək geri qayıdıb.
Mənbənin sözlərinə görə, geri dönən təyyarələrin İstanbulda eniş etməsi nəzərdə tutulur.
O qeyd edib ki, Moskva hava limanlarında tətbiq edilən məhdudiyyətlər səbəbindən Türkiyədən gələn təyyarələrin uçuşun yarısında geri qaytarılması ilk dəfə baş vermir.
Bundan əvvəl Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) Moskvanın bütün hava limanlarında təyyarələrin qəbuluna və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.
Qurum məhdudiyyətlərin uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunduğunu bildirib.