BAKI, 15 oktyabr. TELEQRAF
Amerika Birləşmiş Ştatları İrana qarşı sanksiyalar siyahısına Kuba bankını, daha 10 qurumu və 16 şəxsi əlavə edib.
Teleqraf xəbər verir ki, müvafiq bildiriş ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilib.
Kubanın Banco Internacional de Comercio, SA bankı İran maliyyə qurumlarına xidmət göstərdiyi üçün sanksiya siyahısına daxil edilib. ABŞ sanksiyaları həmçinin İraqda yerləşən Beynəlxalq İnkişaf Bankı (İİB) da daxil olmaqla, İran, İraq və Honkonqda qeydiyyatdan keçmiş hüquqi şəxsləri də hədəf alır. Sanksiya siyahılarına daxil edilən bütün şəxslər İran vətəndaşlarıdır.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi 30 oktyabr tarixinə qədər İİB ilə bağlı əməliyyatların başa çatdırılması üçün zəruri olan əməliyyatların aparılmasına icazə verən ümumi lisenziya verib.
Sanksiya siyahısına daxil edilmək ABŞ-dəki aktivlərin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin siyahıda olanlarla iş görməsinin qadağan edilməsi deməkdir.