“Fransa Ukraynaya hərbi yardım göstərməyi öz vəzifəsi hesab edir, amma Prezident Emmanuel Makronun vəd etdiyi tankların Kiyevə çatdırılmasının Parisi Rusiya-Ukrayna müharibəsinə şərik edəcəyinə inanmır".

Teleqraf.com xəbər verir ki, bunu Fransa xarici işlər naziri Ketrin Kolonna deyib.

“Ukrayna BMT Nizamnaməsinə uyğun olaraq müdafiə hüququna malikdir və bu işdə ona kömək etmək bizim borcumuzdur. Niyə? Çünki Ukraynada baş verənlər təkcə ukraynalıları narahat etmir, söhbət bütün Avropa qitəsində sabitlikdən gedir. İndi məqsədimiz dünyada asayişi və sabitliyi təmin etmək, hər kəsin sabit və dinc şəraitdə yaşaya bilməsi üçün zəmin yaratmaqdır”, - nazir bildirib.

Kolonna Makronun vəd etdiyi AMX-10 RC tanklarının dəqiq nə vaxt və hansı sayda təhvil verilə biləcəyini açıqlamayıb. Nazir vurğulayıb ki, digər məsələlərlə yanaşı, kadr hazırlığı məsələsini də həll etmək lazımdır.

“Həmçinin hava hücumundan müdafiəni gücləndirmək lazımdır, bu məsələ dünən Makronla Zelenski arasında söhbət zamanı qaldırılıb. Belə avadanlıqlar artıq verilib, yeni tədarüklər də olacaq”, - Kolonna vurğulayıb.

Nazir NATO ölkələrinin Ukraynaya hərbi təlim verdiklərini də söyləyib.

Fransanın Ukraynaya silah yardımı etməməsi uzun müddətdir Kiyevdə müzakirə mövzusu idi.