Pritonlardan biri həmin şəxsin rəhbərlik etdiyi institut nəzdində yaradılan sağlamlıq mərkəzinin zirzəmisində yerləşirmiş

Rusiyanın paytaxtı Moskvada yerli polis şöbəsinin cinayət axtarışı bölməsinin əməkdaşları özəl təhsil müəssisələrindən birinin sutenyorluqda şübhəli bilinən rektorunu saxlayıb.

Teleqraf.com-un newsru.com-a istinadan verdiyi məlumata görə, o, bütöv bir seks-pritonlar şəbəkəsi yaratmağa müvəffəq olub.

Şübhəlinin saxlanılması üçün Moskva vilayətində yerləşən şəxsi evdə xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı kommersiya institutunun 54 yaşlı rektoru ilə birlikdə onun cinayət ortağı da saxlanılıb.
Belə ki, polislər araşdırmalar nəticəsində paytaxt ərazisində pul müqabilində seksual xidmət göstərən bir neçə sauna, intim-salonlar, gecə klubları aşkara çıxarıblar. Sonradan bəlli olub ki, bütün bu şəbəkəyə bir rektor rəhbərlik edir. Pritonlardan biri elə həmin şəxsin rəhbərlik etdiyi institut nəzdində yaradılan sağlamlıq mərkəzinin zirzəmisində yerləşib.

Sutenyor rektorun dəstəsinə özəl tibbi klinikalarda qızları sistemli tibbi yoxlamadan keçirən şəxslər də daxil olub. Cinayətkar qruplaşmanın hətta öz piar-meneceri də olub. O, müvafiq şəbəkəni özünə məxsus şəkildə reklam edib, əlavə müştərilər cəlb etməyə çalışıb. Eyni zamanda massajist adı altında yeni personalın toplanılması ilə məşğul olub.

Şubhəli şəxslərdən biri – Özbəkistandan köçüb gəlmiş 52 yaşlı Moskva sakini əxlaqsızlıq şəbəkəsində mühasib vəzifəsini yerinə yetirib, müştərilərdən pul yığmaqla məşğul olub. O, eyni zamanda, pritonların işini əlaqələndirib, maliyyə nəzarətini həyata keçirib.

Saxlanılanlara qarşı Cinayət Məcəlləsinin 240 (fahişəliyə vadar etmə) və 241-ci (fahişəliklə məşğul olmanın təşkili) maddələri ilə cinayət işi açılıb.

Nail Cəlil