BAKI, 31 iyul. TELEQRAF

Təxminən 10 ildir cüdo ilə məşğul olan yeniyetmənin yarış zamanı hüquqlarının pozulduğu iddia edilir.

Teleqraf xəbər verir ki, bu barədə yeniyetmənin anası Səyyarə Elxan sosial şəbəkədə hesabında paylaşım edib.

O bildirib ki, oğlu yarış zamanı hakimlər tərəfindən ədalətsizliyə məruz qalıb. Onun sözlərinə görə, oğlunun etdiyi hərəkət “ippon” olduğu halda, hakim qərarı düzgün qiymətləndirməyib:

"O qədər də başım çıxmır, amma özü deyir, müəllim və bilən adamdan da soruşmuşam, "ippon"dur. Sonra da ayağa qalxıb, ağzı zədələnib qan axdığı halda mate verilməyib".

Valideynin sözlərinə görə, bu, rəqibin federasiyaya bağlı olması ilə əlaqədardır: "Oğlumu "udub" və başqasına uduzub. Uşaq cüdo yarışlarına getdiyi vaxtdan dəfələrlə gəlib "haqqımı yedilər" deyib. Mən fikir vermədiyim üçün çox peşmanam. Oğlum 10 ilə yaxındır cüdo ilə məşğul olur və bu, onun sevgisidir. İsti, soyuq demədən məşqlərə gedib, hətta hazırlıqları bunun üçün ləğv etmək məcburiyyətində qalmışam. Bu yeniyetmənin sevgisini, həvəsini əlindən aldılar. Artıq nə məşq etmək, nə də yarışlara getmək istəyir".

Məsələ ilə bağlı Azərbaycan Cüdo Federasiyasından Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, hakim qərarları ilə bağlı epizodların yenidən araşdırılması üçün rəsmi prosedur mövcuddur:

“Hakimlik qərarları ilə bağlı epizodların yenidən nəzərdən keçirilməsi üçün müəyyən edilmiş rəsmi prosedur mövcuddur. Bunun üçün müvafiq idmançının məşqçisi Azərbaycan Cüdo Federasiyasına rəsmi müraciət etməlidir.

Müraciət daxil olduqdan sonra federasiya tərəfindən qeyd olunan epizod ətraflı araşdırılır və baxışın nəticəsi barədə müraciət edən tərəfə rəsmi şəkildə məlumat təqdim edilir”.

Qeyd edək ki, sözügedən epizodla bağlı görüntülər sosial mediada yayıldıqdan sonra Səyyarə Elxan Cüdo Federasiyasına dəvət olunub.