BAKI, 11 mart. TELEQRAF

Nazirlər Kabineti bələdiyyələrin vahid informasiya sistemi ilə bağlı yeni qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi” təsdiq edilib.

Sənədə görə, bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunacaq və bu proses dövlət informasiya sistemlərinin formalaşdırılması, inteqrasiyası və arxivləşdirilməsi qaydalarına uyğun həyata keçiriləcək.

Eyni zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət qurumlarının informasiya sistemlərinin bələdiyyələrin vahid informasiya sisteminə inteqrasiyasını təmin etmək tapşırılıb.

Qərarda qeyd olunub ki, siyahıda göstərilən dövlət qurumları fəaliyyət istiqamətlərinə uyğun olaraq bu qərardan irəli gələn digər məsələlərin həllini də təmin etməlidir.