BAKI, 27 fevral. TELEQRAF
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2026-cı il 13 fevral tarixli qanunun və bu qanunun tətbiqi ilə bağlı Prezidentin 23 fevral 2026-cı il tarixli 605 nömrəli fərmanının icrasının təmin edilməsi məqsədilə Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, sərəncama əsasən, aidiyyəti dövlət qurumlarına normativ hüquqi aktların yeni qanun və fərmana uyğunlaşdırılması ilə bağlı konkret tapşırıqlar verilib.
Sənədə əsasən, Ədliyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmaqla Nazirlər Kabinetinin normativ hüquqi aktlarının müvafiq qanun və fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində təqdim etməlidir.
Eyni zamanda, mərkəzi icra hakimiyyəti orqanlarına dörd ay müddətində öz səlahiyyətləri çərçivəsində normayaratma fəaliyyətindən irəli gələn tədbirləri həyata keçirmək, normativ hüquqi aktlarını uyğunlaşdırmaq və ya təkliflərinin olmaması barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etmək tapşırılıb.
Bununla yanaşı, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının qanun və fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə altı ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.
Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə olunub.
Sənəd imzalandığı gündən qüvvəyə minib.