BAKI, 6 yanvar. TELEQRAF
Dünya gündəminin zəngin olduğu bir vaxtda baş verən hadisələrin sürətinə çatdırmaq olmur. Belə məqamda insanın dinclik tapması çox önəmlidir. Kimisi buna istirahət deyir, kimisi dinclik, kimisi də stabillik…
İndiki məqamda regionda bütün bunları özündə birləşdirən bir ölkə var – Azərbaycan!
Başqa ölkələrdə hər saniyənin öz hökmü olduğu bir zamanda ötən gün Prezident İlham Əliyev yerli televiziya kanallarına üç saatlıq müsahibə verdi.
Ölkə rəhbərinin artıq ənənə halı alan yerli mediaya müsahibəsi bütün mövzuları ən xırda detallarına kimi əhatə etdi.
İndiki məqamda ictimaiyyət Prezident İlham Əliyevin dünyada baş verən hadisələrə reaksiyasını diqqətlə izləyirdi. Buna görə də, üç saat davam edən müsahibə göydəndüşmə deyildi, planlaşdırılmış, xalqa hesabat və məlumat xarakterli idi.
Prezidentin müsahibəsində bu gün dünya gündəmini zəbt edən beynəlxalq hüquq deyimi ilə bağlı müzakirələrə reaksiyası olduqca maraqlı, proseslərə real baxan bir dövlət rəhbərinin münasibəti idi:
“Mən bunu artıq bir neçə ildir ki, dilə gətirirəm. Həm də ki, öz təhlilimi apararaq görürəm ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Təbii ki, sən gərək özün əmin olasan ki, haqq yolundasan. Heç bir ölkə, heç bir rəhbər nahaq iş görməməlidir, heç bir ölkənin ərazi bütövlüyünə göz dikməməlidir, heç bir ölkəni işğal etməməlidir. Bizim böyüklüyümüz və müdrikliyimiz, eyni zamanda, məsuliyyətimiz göz önündədir”.

Ölkə başçısı müsahibəsində eyni zamanda, Qəzza sektorundakı vəziyyətə də çox real yanaşmanı bir daha ortaya qoydu:
“Amerikalı tərəfdaşlarımızın diqqətinə çatdırdığımız ikinci amil ondan ibarət idi ki, mənim ölkəm təcavüzdən zərər görüb, Birinci Qarabağ müharibəsində böyük qurbanlar verib. Bununla belə, az olmasına baxmayaraq, İkinci Qarabağ müharibəsində də qurbanlar olub. Azərbaycanın hər bir vətəndaşı bizim üçün qiymətlidir. Biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik. Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. O cümlədən Fələstinə bütün hörmətimə və dərdlərinə şərik olmağıma rəğmən. Axı, Fələstin də bizi elə də müdafiə etmirdi. Bəli, İslam Əməkdaşlıq Təşkilatının hamının dəstəklədiyi qətnamələri var idi. Biz buna görə bütün ölkələrə minnətdarıq, eynilə Azərbaycan da həm BMT-də, həm Qoşulmama Hərəkatında, həm də İslam Əməkdaşlıq Təşkilatında həmişə Fələstini və Fələstin dövlətinin yaradılmasını dəstəkləyib. Azərbaycanda Fələstinin səfirliyi də fəaliyyət göstərir, həm də Azərbaycanın maliyyə yardımı sayəsində. Ona görə də mənim mövqeyim həmişə ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir”.
Prezident müsahibəsində məmur məsuliyyətindən də söz açdı. Açığı, bir çoxumuzda bu suallar var idi ki, niyə təyin edilən bəzi məmurlar çox keçmədən vəzifədən uzaqlaşdırıldı?
Prezident İlham Əliyevin bu mövzuya cavabı konkret idi:
“Məsələn, mən Naxçıvanda da xüsusi nümayəndə institutu yaratmışam. Ancaq əfsuslar olsun ki, oraya təyin etdiyim kadr etimadımı doğrultmayıb və buna görə vəzifəsindən çıxarılmışdır. Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. Özü də noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə, sosial ədalət barədə mənim verdiyim tapşırıqlar, sözlər mətbuatda gedib. Amma təyin etdiyim adamlardan birini mən bir aydan sonra vəzifəsindən çıxartmışam. Yəni bu, məni çox məyus edir. Çünki bilirsiniz, mən artıq 22 ildir ki, bu vəzifədəyəm və bu illər ərzində bir çox kadrları vəzifəyə təyin etmişəm, etimad göstərmişəm. Hər dəfə yeni təyin edilən icra başçısı ilə mənim ya görüşlərim, ya telefonla söhbətim olur. Onların bəziləri televiziyaya, mətbuata verilir, bəziləri verilmir və tövsiyələrim də təxminən çox da dəyişmir. Məyus edən də odur ki, əfsuslar olsun, gənc kadrlar arasında da pozuntulara yol verənlər var. Yəni burada gənc nəsil, yaşlı nəsil söhbəti getmir. İnsanların keyfiyyətindən söhbət gedir, ailədə, məktəbdə, cəmiyyətdə aldığı tərbiyədən söhbət gedir. Ona görə etimad göstərilir, onu doğruldan həmişə dəstəklənir. Mən həmişə kadrlara ədalətli olmuşam. Amma etimadı doğrultmayan, əyri yola gedənlər, əlbəttə ki, ya cinayət məsuliyyətinə cəlb edilir, - belə hallar kifayət qədər çoxdur, - ya da ki, inzibati qaydada cəzalandırılır. Nə deyə bilərəm, mən davam edəcəyəm, bu proses hamar deyil. Struktur islahatlarının aparılması təbii ki, vacibdir. Amma saf, təmiz kadrların yetişdirilməsi ondan daha vacib məsələdir və mənim təcrübəm onu göstərir ki, bu, daha vacib məsələdir, nəinki struktur dəyişiklikləri”.

Bir sözlə, Prezidentin ötəngünkü müsahibəsi daxili auditoriya üçün həm sabitlik, həm də perspektiv mesajı, xarici auditoriya üçün isə Azərbaycanın regional rolu və sülh prosesindəki yeri ilə bağlı açıq mesaj idi.
Ümumilikdə müsahibə Azərbaycan siyasətinin davamlılıq, qlobal əlaqələr və milli təhlükəsizlik prioritetləri üzərində qurulmuşdu və həm siyasi müşahidəçilər, həm də vətəndaşlar üçün çoxölçülü məqamlar mövcud idi. Və heç bir qaranlıq sual qalmadı...