BAKI, 23 iyul. TELEQRAF
Şəmkir rayonunun Dəllər Cəyir–Dəllər Daşbulaq və Qədimqala–Miskinli–Keçili–Xuluf avtomobil yolları əsaslı təmir olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, iyirmi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəllər Cəyir–Dəllər Daşbulaq və Qədimqala–Miskinli–Keçili–Xuluf avtomobil yollarının əsaslı təmiri məqsədilə Prezidentin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.